Şriftin ölçüsü :

Saytın rəngi :

Səngəçal-Çeyildağ avtomobil yolu yenidən qurulur

26 sentyabr 2018 | 11:00

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 avqust 2018-ci il tarixində Qaradağ rayonunun Sanqaçal–Çeyildağ avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, altı min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Sanqaçal–Çeyildağ avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Bakının Qaradağ rayonu ərazisindəki Sanqaçal-Çeyildağ avtomobil yolu yenidən qurulur. 24 kilometr uzunluğa malik Sanqaçal-Çeyildağ avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun inşa edilir.
   Layihəyə görə, yolun hərəkət hissəsi 6 metr, çiyinlərin eni isə 2 metr nəzərdə tutulub. Yenidənqurma işlərinə uyğun olaraq yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, dolğu işləri aparılaraq 52 min kubmetr həcmdə yeni yol yatağı inşa olunur. Artıq yolun 4 kilometrlik hissəsində yeni yatağın inşası yekunlaşdırılıb.
   Bundan başqa, yolun normativ eninin alınması məqsədilə torpaq yatağının genişləndirilməsi və dağ yamaclarının kəsilməsi işləri də aparılır. Həmin işlərə paralel olaraq 20 santimetr hündürlükdə yol əsasının alt layı da tikilir, 2 kilometrlik hissədə bu işlər artıq başa çatıb. Bunun ardınca isə 15 santimetr hündürlükdə əsasın üst layının tikintisinə başlanılacaq. Əsasın alt və üst layının tikintisi 100 min kubmetrdən artıq həcmdə icra olunacaq.
Layihə boyu 38 ədəd müxtəlif diametrli suötürücü boru yerləşir. Eyni zamanda, yolboyu yeraltı kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün keçid boruların inşası aparılır.
   Torpaq işləri tam olaraq bitmiş, texnoloji ardıcıllığa uyğun olaraq yolun asfaltlanması işlərinə başlanılmış, yola alt və üst lay olmaqla 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyü döşənilir. Asfalt-beton örtüyün eni 7 metr nəzərə alınmaqla bu işlər yolun 150 min kvadratmetrdən çox sahəsində aparılır. Bütün işlər mövcud tikinti və norma qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə görülür. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
   Layihə işlərinin sonuncu mərhələsində yolboyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkiləcək. Yolun yenidən qurularaq yaxın zamanlarda vətəndaşların istifadəsinə verilməsi planlaşdırılır.

Keçidlər