Dini radikalizmə qarşı mübarizə üzrə tədbirlər davam etdirilir
18 sentyabr 2018-ci il tarixdə Qaradağ Gənclər Evində qəsəbə gəncləri üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş etdirildi. Tədbirdə Qaradağ rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi İ. Qasımov, YAP Qaradağ Rayon Təşkiulatının Gənclər Birliyinin sədri R.Yusupov iştirak edir. Filmin nümayişindən öncə çıxış edənlər “Fitnə” filminin gənclərin dini radikalizmə qarşı mübarizədə maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi, ölkəmizdə mövcud tolerant mühitin qorunması baxımından böyük əhəmiyyət daşıdığını dedilər. Gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün bu tipli maarifləndirici filmlərin çəkilməsinin önəmi qeyd olundu.
Həmçinin bildirildi ki, bu gün dünyada İslam və digər dinlərdən başqa məqsədlər üçün istifadə edən radikal qüvvələr var. Bu radikal qüvvələr xüsusilə gəncləri öz sıralarına cəlb etməyə çalışır. Diqqətə çatdırıldı ki, film vasitəsilə dini radikalizmin qurbanı olmuş gənclərin, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır.
Daha sonra filmə baxış keçirildi. “Fitnə” filminə və eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş belə məzmunlu filmlərə rayonun digər qəsəbələrində də baxış keçirilməsi planlaşdırılır.