Şriftin ölçüsü :

Saytın rəngi :

İslam dəyərləri mövzusunda dəyirmi masa

12 sentyabr 2018 | 11:00

   12 sentyabr 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində “İslam dəyərləri” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova,  Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbənin müdir müavini Sadiq Qingarlı,  Lökbatan məscidinin imamı Faiq Əhmədov, rayonda fəaliyyət göstərən din xadimləri və gənclər iştirak edirdi.  
   Tədbiri giriş sözü ilə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov açdı. O, dəyirmi masanın mövzusunun “İslam dəyərləri” seçilməsinin səbəblərini tədbir iştirakçılarının nəzərinə çatdıraraq İslam dinində elmə, təhsilə, mədəniyyətə verilən qiymətdən, ona ayrılan diqqətdən söz açdı.
   Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova dövlət-din münasibətlərindən danışaraq ilk növbədə Azərbaycanda dini dəyərlərə dövlətin diqqət və qayğısını qeyd etdi. O, bu gün ölkədə 2050-dən çox məscidlə yanaşı xristian kilsələri, yəhudi sinaqoqları, digər dinlərin fəaliyyət göstərdiyini vurğulayaraq Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində Azərbaycan dövlət-din münasibətləri baxımından sözün həqiqi mənasında bütün dünyaya nümunə olacaq ölkə olduğunu söylədi.
   Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Sadiq Qingarlı islami dəyərlərlərdən söhbət açmaqla yanaşı qeyd etdi ki, dini radikalizm və xurafat cəmiyyətin inkişafına mane olur və onların da qarşısının alınması maarifləndirmədən, İslamı düzgün formada, olduğu kimi cəmiyyətə çatdırmaqdan asılıdır. Dini radikalizm və xurafat arasında ciddi fərq olmadığını deyən çıxışçı hər iki məfhumun mahiyyət etibarilə eyni dərəcədə zərərli olduğunu vurğuladı.     Dövlətin məscidlərə və ümumilikdə din xadimlərinə olan diqqət və qayğısından danışan Lökbatan məscidin imamı Faiq Əhmədov dindən istifadə edərək bəzən insanlar arasında, cəmiyyətdə çaşqınlıq yaratmaq və bununla da öz məkrli niyyətlərini həyata keçirmək istəyən qüvvələrdən danışdı. Qeyd etdi ki, dini radikalizmə aparan yollardan biri də xurafatdır ki, onunla mübarizə hər bir müsəlmanın, hər bir vətəndaşın borcudur.
   288 № li məktəbin müəllimi Fərqanə Bağırova İslam dininin uşaq və yeniyetmələrin maariflənməsində, mənəvi cəhətdən sağlam böyüməsində, onlarda əxlaq normalarının formalaşmasında və həmçinin vətənpərvərlik hisslərinin  aşılanmasında müstəsna əhəmiyyətindən danışdı.
   Gənclər adından çıxış edən YAP Qaradağ rayon Təşkilatının Gənclər Birliyinin sədr müavini Vüsal Yusifov gəncləri islami dəyərlərdən bəhrələnməyə və onları dini radikalizmə qarşı mübarizəyə səslədi. Tədbirin sonunda gəncləri maraqlandıran suallarla cavblar verildi.

Keçidlər