Hərbi hissənin əsgərləri arasında “Güc və intellekt” oyunu
24 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 24-cü ildönümü münasibətilə Qaradağ rayonu ərazisində yerləşən hərbi hissənin əsgərlərindən və zabit övladlarından ibarət komandalar arasında “Güc və intellekt” adlı bilik oyunu keçirildi. Çıxış edənlər ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əhəmiyyətindən, 1994-cü il iyulun 26-da təsis edilən nazirliyin fəaliyyətindən, bu qurumun Azərbaycan gəncliyinin formalaşmasında, təşkilatlanmasında, vətənə layiqli şəxslər kimi yetişməsində xidmətlərindən danışdılar. Ulu öndər Heydər Əliyevin gənclərə diqqət və qayğısından söz açıldı və bu uğurlu siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyi vurğulandı. Bildirildi ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamları ilə təsdiq edilmiş 2015-2025-ci illəri əhatə edən “Azərbaycan gənclərinin inkişaf strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı və digər sosial tədbirlər dövlətin gənclərə diqqət və qayğısının əyani təzahürü kimi qiymətləndirilmişdir.
Açılış mərasimindən sonra münsiflər heyəti tərəfindən oyunun qayda və şərtləri izah olundu və “Güc və intellekt” bilik oyununa start verildi. Üç turdan ibarət böyük maraqla keçən oyunun ümumi yekun nəticələrinə əsasən “Gənc əsgərlər” komandası I yerə, “Şahinlər” komandası II yerə, “Sülhməramlılar” komandası III yerə sahib oldular. Sonda I, II, III yerləri tutmuş komandalar müvafiq dərəcəli diplomlar və medallarla mükafatlandırıldılar.