Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 49-ci ildönümünə həsr edilmiş tədbir keçirildi

13 iyul 2018 | 11:00

   13 iyul 2018-ci il tarixində Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Ulu Öndər Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbər seçilməsinin 49-cu ildönümünə həsr edilmiş  tədbir keçirildi. Tədbirdə millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və rayon ictimaiyyətinin nümayəndələri iştirak  edirdilər.
   İlk öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
   Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov  14  iyul 1969-cu il tarixinin əhəmiyyətindən danışdı. Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən bu tarixin Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı olduğunu nəzərə çatdıran natiq Ümummilli liderin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərinin müəyyənləşdirildiyini, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni yüksəliş mərhələsinin başladığını  qeyd etdi. Bildirdi ki, dahi rəhbər bacarığı, işgüzarlığı və uzaqgörənliyi sayəsində dünya siyasi tarixində özünəməxsus yer tutur.
   Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası - Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin hakimiyyətinin ikinci mərhələsində də qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması onun zəngin mənəviyyatından, demokratizmindən qaynaqlanıb
    Sonra millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Ulu Öndərin təkcə dövlət quruculuğu sahəsində deyil, milli şüurun dirçəlməsində də  xalqa liderlik etdiyini vurğuladı. Natiq bildirdi ki, 1969-cu il iyulun 14-də Azərbaycanın siyasi səhnəsində sözün böyük mənasında Günəş doğdu. Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. 1969-cu ildə keçirilən məşhur avqust plenumu isə Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcı oldu. 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Ümummilli Lider Heydər Əliyev hələ sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı. Bu danılmaz məntiqin mahiyyətinə qədərincə varmaq üçün insanda yalnız heyrət doğuran faktların təkcə bir qisminə diqqət yetirmək kifayətdir. Bu gün bütün sahələrdə əldə edilən uğurların hər birinin qayəsində Ulu Öndərin ideyaları dayanır. Ölkə rəhbəri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət bundan sonra da ölkəmizi daha böyük uğurlara sövq edəcəkdir.
   Tədbirdə digər çıxış edənlər - Qaradağ Rayon İctimai Şurasının sədri Allahverdi Məmmədov və 7 nömrəli  Bakı Peşə Məktəbinin direktoru Hicrət Qaradağlı da Ulu Öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən ətraflı bəhs etdilər. Qeyd olundu ki, Dünya Azərbaycanlılarının Lideri, Ulu Öndər Heydər Əliyevin həyatının əsas qayəsi doğma Azərbaycan və Azərbaycan xalqı olub. Vətəninə hədsiz məhəbbəti, təmənnasız xidməti Ulu Öndərə hər kəsin qəlbidə əbədi məhəbbət qazandırıb.
   Sonda  Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov  tədbiri yekunlaşdıraraq, bir daha 1969-cu il 14 iyul tarixini millətimizin və xalqımızın dönüş, qayıdış tarixi kimi səciyyələndirdi və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni yüksəliş mərhələsi olduğunu,  bütün dövrlərdə gücünü, dərin zəkasını millətinin, xalqının yolunda sərf edən Ulu Öndər Heydər Əliyevin daxili və xarici təzyiqlərə, çətinliklərə baxmayaraq, müstəqil Azərbaycan dövlətini yaratdığını qeyd etdi və qonaqlara təşəkkürünü bildirdi.

Keçidlər