Azərbaycanın iqtisadi potensialı Şenyanda beynəlxalq konfrans-sərgidə təqdim olunub
Çinin Liaonin vilayətinin inzibati mərkəzi olan Şenyan şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) təşkilatının “İnnovasiya inkişafı təşviq edir, əməkdaşlıq gələcəyi yaradır” mövzusunda 10-cu kiçik və orta sahibkarlıq texnologiyası beynəlxalq konfransı və sərgisi keçirilib.
Çinin Kommersiya, Sənaye və İnformasiya Texnologiyaları nazirliklərinin, Liaonin vilayət hökumətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə APEC-ə üzv olan tərəflər ilə yanaşı, bir neçə ölkə, o cümlədən Azərbaycan xüsusi dəvət olunmuş qonaq qismində iştirak edib. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycanı sərgi-konfransda təmsil edib.
Tədbirin açılış mərasimində Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Van Cianpin, Lianon vilayətinin qubernatoru Tan İcün, nümayəndə heyətlərinin rəhbərləri iştirak ediblər.
Tədbir çərçivəsində keçirilən sərgidə ayrı-ayrı ölkələr, regional təşkilatlar, iri korporasiyalar öz stendlərində müxtəlif məhsul və xidmətləri nümayiş etdiriblər.
Azərbaycanın Çindəki səfirliyinin dəstəyi ilə hazırlanan milli stendimizdə ölkəmizdə istehsal olunan ixracyönümlü və rəqabətqabiliyyətli məhsullar, əsasən şərab və spirtli içkilər, meyvə konservləri, mürəbbələr, bal, quru meyvələr, milli suvenirlər, xalça nümunələri nümayiş etdirilib.
Açılış mərasimində iştirak edən Çin rəsmiləri Azərbaycan stendi ilə tanış olublar. Onlara ölkəmizin hərtərəfli inkişafı, əlverişli biznes və sərmayə mühiti, sosial-iqtisadi nailiyyətləri, respublikamızın liderliyi ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri barədə məlumat verilib, çap materialları təqdim edilib. Bundan başqa, Azərbaycanın turizm potensialı, Bakıda və regionlarda müasir tələblərə cavab verən turizm mərkəzlərinin fəaliyyəti barədə məlumat verilib.
Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Van Cianpin tədbirdə iştirak edən müxtəlif ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb. Süleyman Mikayılov görüşdə ölkəmiz haqqında ətraflı məlumat verib, Azərbaycanda xarici investorlar üçün yaradılan münbit mühitdən bəhs edib.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Çinin müxtəlif şəhərlərindən sərgiyə qatılan istehsal müəssisələrinin nümayəndələri ilə görüşdə Azərbaycan hökumətinin xarici sahibkarlar üçün yaratdığı investisiya mühiti və güzəştlər barədə məlumat verib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illər qazandığı nailiyyətlər, ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı beynəlxalq təşkilatların hesabatında əksini tapmış faktlar, regional layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP neft-qaz kəmərləri, Asiya ilə Avropa arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və s. barədə məlumat verib. Qeyd olunub ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsü iki ölkə, o cümlədən işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır. Azərbaycan özünün iqtisadi və nəqliyyat-logistika potensialı ilə “Bir kəmər, bir yol” strategiyası üçün əhəmiyyətli ölkədir. S.Mikayılov Çin iş adamlarını maraqlandıran sualları cavablandırıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Çin Kommunist Partiyası Şenyan şəhər komitəsinin birinci katibi Yi Liənxun, Şenyan şəhərinin meri Cian Youvey və digər rəsmi şəxslərlə görüşlərində əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan və Çin dövlət başçılarının iki ölkə arasında münasibətlərin genişləndirilməsi ilə bağlı qərarlarına uyğun olaraq müxtəlif dövlət qurumları müvafiq məsləhətləşmə və iş aparır. Bu istiqamətdə iki ölkənin bölgələri və şəhərləri arasında birbaşa əlaqələrin yaranması və inkişafı qarşılıqlı sərmayə qoyuluşunun çoxalmasına, birgə müəssisələrin yaradılmasına, üçüncü ölkələrin bazarlarına çıxışın təmin olunmasına imkan verəcək. Bu baxımdan Cənubi Qafqaz regionunda, Şərq və Qərbi, Şimal və Cənubu birləşdirən nəqliyyat dəhlizlərinin üzərində yerləşən Bakı şəhərinin və onun rayonlarının potensialından birgə istifadənin hər iki tərəf üçün səmərəli olacağı qeyd olunub.
S.Mikayılov Qaradağ haqqında məlumat verərək bildirib ki, əlverişli coğrafi mövqeyi, sənaye və nəqliyyat potensialı olan bu rayon xarici sərmayələrinin cəlb olunması, birgə istehsal sahələrinin yaradılması və yeni bazarlara birgə çıxışın təmin olunması istiqamətində Çin tərəfi, o cümlədən Şenyanda yerləşən şirkətlər ilə əməkdaşlığa maraqlıdır.
Qeyd olunub ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla, yaradılacaq azad ticarət zonasında əlavə dəyər yaradan istehsal və xidmətlərin, o cümlədən nəqliyyat, logistika, informasiya-kommunikasiya texnologiyaları, neft-kimya, əczaçılıq, kənd təsərrüfatı və s. sahələrin qurulması nəzərdə tutulur. Ümumilikdə, azad ticarət zonasının regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Rusiyanın cənub hissəsinin, Türkiyənin daxil olduğu və 130 milyon insanın yaşadığı çoxşaxəli bazarlara xidmət göstərməsi planlaşdırılır.
S.Mikayılov Çin tərəfini azad ticarət zonasının imkanlarından istifadə etməyə dəvət edib.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Şenyan şəhərində yerləşən nüfuzlu müəssisələrə, o cümlədən “NEUSOFT” yüksək texnologiyalar şirkətinə, “Sinsun” robot istehsalı müəssisəsinə, kiçik ölçülü təyyarələrin, maşınqayırma və avadanlıq istehsalı ilə məşğul olan müəssisələrə baş çəkib.