Ordumuz qürurumuzdur
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, şura üzvləri, hərbi hissə rəhbərləri, Aprel döyüşçüləri və rayon ictimaiyyətinin nümayəndələri, eləcə də müharibə əlilləri və veteranları iştirak edirdilər.
İlk öncə tədbir iştirakçıları Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Daha sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində 26 İyun - Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov çıxış edərək Azərbaycan ordusunun 100 illik yubileyi münasibətilə tədbir iştirakçılarını, eləcə də Vətənin müdafiəsində igidlik və mətinliklə dayanan bütün hərbi qulluqçuları təbrik etdi. Bildirdi ki, Milli Ordumuz bu gün özünün gücü, qüdrəti ilə dünyaya səs salır. Bu, hər bir vətənpərvər insanda qürur, fəxarət hissi yaradır. Azərbaycan Silahlı Qüvvələri yarandığı gündən bu günə kimi şərəfli və keşməkeşli yol keçməklə dünyanın sayılıb-seçilən ordularından birinə çevrilmişdir. Bu gün Azərbaycan Silahlı Qvvələri öz qüdrətinə, gücünə və mütəşəkkilliyinə görə dünyanın 136 peşəkar ordusu sırasında 53-cü yerdədir.
Natiq Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində də mütəmadi işlər aparılması, gənclərin hərbi xidmətə təntənəli yolasalma mərasimlərinin təşkili, eləcə də rayonun mədəniyyət və musiqi kollektivlərinin hərbi hissələrin şəxsi heyətləri qarşısında vaxtaşırı olaraq maraqlı konsert proqramları ilə çıxış etməsini də qeyd edərək bildirdi ki, bundan sonra da rayon rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarına uyğun olaraq bu sahədə işlərini müntəzəm davam etdirəcəkdir.
Millət vəkili, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlərdən danışdı. Millət vəkili bildirdi ki, Azərbaycan ordusunun bugünkü gücü Ulu Öndərin əsasını qoyduğu siyasətin ana xəttini təşkil edir. Dünyada 6 min xalq olsa da, onlardan yalnız 200-nün dövləti var. Dövlətin isə əsas atributlarından biri onun güclü ordusunun olmasıdır. Yalnız güclü dövlətin güclü ordusu olur. Azərbaycanda ilk ordu 1918-ci ildə Şərqdə ilk demokratik ölkə olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmışdır. Daha sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı işlər Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilmişdir. Hazırda ordumuz günü-gündən qüvvətlənir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevn ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbiçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bunun nəticəsidir ki, iki il öncə, 2016-cı ilin aprelində cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısı ordumuz tərəfindən qəhrəmancasına alınmış, düşmənə layiqli cavab verilmiş, xeyli ərazi azad edilmişdir. Eyni zamanda bu günlərdə Naxçıvan ərazisində Günnüt kəndi, strateji yüksəklik ələ keçirilmişdir. Şübhəsiz, silahlı qüvvələrin ruh yüksəkliyi hərbi vətənpərvərlik hissini daha da artırır və ümid yaradır ki, tezliklə torpaqlarımız işğaldan azad olunacaqdır. Artıq Cocuq Mərcanlının yenidən qurulması bunu deməyə əsas verir.
Daha sonra Aprel döyüşçüsü Röyal Əşrəfov çıxış edərək, Azərbaycanda ordu quruculuğu sahəsində görülən böyük işlərdən, müharibə statuslu insanlara göstərilən xüsusi diqqət və qayğıdan danışaraq veteranları təbrik etdi.
Tədbirin sonunda hərbi hissələrdə çalışanlardan 6 nəfəri fəxri-fərman və hədiyyələrlə təltif olundu.
Sonda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov tədbiri yekunlaşdıraraq, 26 İyun - Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə bir daha tədbir iştirakçılarını təbrik etdi və qonaqlara təşəkkürünü bildirdi.