Milli Qurtuluş günü - “Tarixi qayıdış və xalqın qurtuluşu”
14 iyun 2018-ci il tarixində 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş “Tarixi qayıdış və xalqın qurtuluşu” mövzusunda tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı Mixail Zabelin, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və digər qonaqlar iştirak edirdilər.
İlk öncə tədbir iştirakçıları Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Daha sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş dəyirmi masa keçirildi.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd etdi. Bildirdi ki, 25 il əvvəl - xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoydu. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Bu gün regionun söz sahibi dövlətinə çevrilməsinin əsas qayəsi məhz ümummilli lider Heydər Əliyevin sağlam təməllər üzərində qurduğu siyasətin Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsindədir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Mixail Zabelin 1993-cü il 15 iyun tarixini qayıdış günü kimi qiymətləndirdi. Qeyd olundu ki, məhz bu tarixi qayıdış Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Heydər Əliyevin yorulmaz və titanik fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter aldı, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görüldü.
Milli Məclisin Deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək bildirdi ki, məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi dövlətimizin iqtisadi qüdrəti durmadan artır, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, ölkəmizdə ictimai-siyasi sabitlik möhkəmlənir, xalqımızın sosial rifahı günbəgün yaxşılaşır. Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir.
Tədbiri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov yekunlaşdıraraq iştirakşıları 15 iyun - Milli Qurtuluş günü münasibətilə təbrik etdi və qonaqlara təşəkkürünü bildirdi.