“Biz uşaq hüquqlarını öyrənirik”
06 iyun 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində Uşaq hüquqlarının öyrənilməsinə həsr olunmuş dəyirmi masa keçirildi. Uşaqlarla görüşdə Qaradağ rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Nurlana Əliyeva, rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, rayon məhkəməsinin əməkdaşı Vüqar Zeynalov, rayon Polis İdarəsinin azyaşlılarla profilaktik işin təşkili bölməsinin əməkdaşı polis mayoru Aidə Şirinova iştirak edirdi.
Dəyirmi masa başlanmazdan əvvəl məktəbli uşaqlar arasında uşaq hüquqlarına aid suallardan ibarət “Biz hüquqlarımızı öyrənirik” adlı bilik yarışması keçirildi. Yarışın nəticələrinin yoxlanılması zamanı isə dəyirmi masa öz işini çıxışlar və müzakirələrlə davam etdirdi.
Tədbiri Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov giriş sözü ilə başladı. O, tədbirin keçirilmə səbəblərini, məqsəd və vəzifələrini izah edərək bildirdi ki, Ombudsmanın təşəbbüsü ilə ənənəvi olaraq hər il “18 iyun - İnsan Hüquqları Günü” ərəfəsində 18 may - 18 iyun Respublikamızda “İnsan hüquqları aylığı” keçirilir və bugünki tədbir də həmin aylığa aid olan tədbirlər planının tərkib hissəsidir. Sonra mövzu ətrafında müzakirələrə başlandı. Çıxış edən şəxslər, Rayon Poilis İdarəsinin əməkdaşı A.Şirinova, rayon Məhkəməsinin təmsilçisi V.Zeynalov, 288 № li məktəbin direktor müavini J.Qədirova, Qaradağ rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nurlanə Əliyeva qeyd etdilər ki, BMT tərəfindən 20 noyabr 1989-cu il tarixdə qəbul edilmiş “Uşaq Hüquqları Konvensiyası” tarixi Ümumdünya Uşaq Hüquqları” günü kimi tanınır. Azərbaycan da həmin beynəlxalq təşkilatın üzvü kimi bu istiqamətdə əməli tədbirlər həyata keçirir. BMT-nin müvafiq konvensiyasına uyğun olaraq qəbul edilmiş “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının qanunundan və bu sahədə görülmüş işlərdən söhbət açıldı. Uşaqların hüquqlarının müdafiəsi, onların öyrənilməsi və təbliğ edilməsi ilə bağlı fikir mübadilələri aparıldı.
Görüşün sonunda intellektual oyunların qalibləri müvafiq dərəcəli diplomlar və medallarla təltif edildilər.