Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı hərbi hissənin şəxsi heyəti ilə görüş
25 may 2018-ci il tarixdə Gənclər və İdman Nazirliyi ilə birgə Sanqaçal qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı görüş keçirildi.
Rəsmi hissə əsgərlərin Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başlandı.
Tədbirdə giriş sözü ilə çıxış edən Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq sektorunun müdiri Əli Məmmədov və Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov 1918-ci ilin 28 may tarixində əsası qoyulan Azərbaycan Xalq Cumhuriyyətinin xalqımızın dövlətçilik ənənələrində şanlı bir səhifə olduğunu diqqətə çatdırdılar. Qeyd olundu ki, Xalq Cumhuriyyətinin dövlət rəmzi kimi qəbul etdiyi üçrəngli bayrağımız Ümummilli Lider Heydər Əliyevin sayəsində ikinci dəfə Naxçıvanda rəsmi surətdə qaldırıldı. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsinə dair sərəncam imzaladığını və bu sərəncamın dövlətçilik ənənələrimizə, tariximizə, milli kimliyimizə diqqətin bariz nümunəsi olduğu bildirildi.
Tədbirin ikinci hissəsində bir çöx musiqi müsabiqələrinin mükafatçılarının ifasında konsert proqramı verildi. Əsgərlərin böyük sevinci ilə müşayiət olunan görüşün sonunda hərbi xidmətdə fərqlənmiş gənc zabit və əsgərlər təşkilatçılar tərəfindən xatirə hədiyyələri və fəxri fərmanlarla təltif edildi və əsgərlərin asudə vaxtının daha da səmərəli keçirilməsi üçün hərbi hissəyə idman malları hədiyyə edildi.
Hərbi hissə rəhbərliyi də öz növbəsində Gənclər və İdman Nazirliyini, Qaradağ rayon Gənclər və İdman İdarəsini təşkil olunmuş görüşə görə minnətdarlıq əlaməti olaraq fəxri fərmanlarla təltif etdilər.