Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

24 may 2018 | 11:00

   24 may 2018-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və rayon ictimaiyyətinin nümayəndələri iştirak  edirdilər.
İlk öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
   Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi qiymətləndirdi, gərgin  və mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq səhifəsi olduğunu bildirdi. Qeyd etdi ki, 23 aylıq ömrü ərzində bir çox sahələrdə həyata keçirdiyi islahatlarla, demokratik dövlət quruculuğu, eləcə də digər sahələrdə atdığı əhəmiyyətli addımlarla qısa müddətdə xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrinin bərpası işində vacib rol oynadı. Azərbaycanın yenidən müstəqillik əldə etdikdən, 1991-93-cü illərdə mövcud olan xaos və anarxiya nəticəsində müstəqilliyimizi itirmək təhlükəsi ilə baş-başa qaldığı dövrdə Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri sayəsində müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamadı və müstəqillik yolunda dönmədən, inamla irəlilədi. Bu gün bu siyasət Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.
   Azərbaycan Respublikasının, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və keçdiyi yol haqqında Millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov geniş məlumat verdi və bildirdi ki, 1918-ci il mayın 28-də xalqımızın görkəmli oğullarının qurduğu Cümhuriyyət Azərbaycan tarixinin şərəfli səhifəsidir. Xalq Cümhuriyyəti qısa ömür sürərək 1920-ci ilin 28 aprelində süqut etsə də, tarixdə onun yeri, Azərbaycan xalqının istiqlal arzusu, 23 aylıq müstəqil dövlətçilik salnaməsi qalmışdı. Məhz buna görə də, həmin süqutdan 71 ildən sonra, 1991-ci ildə Azərbaycan SSR-nin oraq-çəkicli al bayrağını endirib müstəqil Azərbaycanın üçrəngli, ay-ulduzlu qumaşını yenidən ucaldanda biz Cümhuriyyətə, onun şanlı tarixinə və siyasi mirasına sahib çıxdıq. Natiq onu da qeyd etdi ki, istiqlal hər bir millətin ən böyük və taleyüklü amalıdır. Amma gerçək istiqlal, sadəcə, bayraq qaldırılması, himn oxunması və bu faktın dünyaya bəyan edilməsi ilə məhdudlaşmır. Bu istiqlalı dövlətçilik təməli ilə möhkəmlətmək, həmin dövləti milli qeyrət və vətənpərvərlik yanğısı ilə qorumaq, nəhayət, dövlətçiliyi dönməz və əbədi etmək üçün səriştə, təcrübə, uzaqgörən siyasət və iradə ardıcıllığı zəruridir. Yalnız bu keyfiyyətlərin daşıyıcısı olan liderə xalq şərtsiz arxalana, özünün taleyini ona həvalə edə bilər.
   Daha sonra çıxış edən Rəşad Alıcanov, Nəzakət Məmmədova, Şəmsi Qocayev və başqaları 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu vurğulayaraq,  1993–cü ildə Azərbaycan xalqının israrlı çağırışı və dəvəti ilə hakimiyyətə gələn Ulu Öndər və Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin bu müstəqilliyi qoruyub saxlayaraq inkişaf etdirməsindən bəhs etdilər.  Bildirildi ki, 28 may 1918-ci il Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən şanlı səhifəsidir. Müstəqilliyimizin qazanılmasında əməyi olan istiqlal mücahidləri ən böyük hörmət və ehtirama layiqdirlər. İkinci dəfə qazandığımız müstəqilliyin qorunub saxlanılmasında, dövlətimizin möhkəmlənməsində və dünya miqyasında tanınmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri vardır. Bu gün iqtisadiyyatımızın dinamik inkişafı, regionda və dünyada artan nüfuzumuz, beynəlxalq və mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi və təşkili təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirməsinin məntiqi nəticəsidir.
        Sonda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq bir daha “28 May- Respublika Günü”nün əhəmiyyətini qeyd etdi və tədbir iştirakçılarını qarşıdan gələn “28 May- Respublika Günü” münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyi adından təbrik etdi.
  Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Sahil qəsəbəsindəki 28 nömrəli musiqi məktəbinin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunmuş klassik əsərlərdən ibarət musiqi proqramı təqdim olundu.

Keçidlər