Qaradağ rayonunda “Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda konfrans və “Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması keçirilmişdir
Mayın 18-də Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda konfrans və “Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri konfransın iştirakçıları əvvəlcə Heydər Əliyev parkında xalqımızın ümummilli liderinin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra konfrans öz işinə başlamışdır.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri barədə söz açaraq qeyd etmişdir ki, konfransda 40-dək KİV-in təmsilçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər.
Ölkədə mətbuata dövlət qayğısından danışan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli rəhbərlik etdiyi qurumun 3 il ərzində reallaşdırdığı layihələr haqqında söhbət açmışdır.
Fondun gördüyü işləri yüksək qiymətləndirən Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan mediasının keçdiyi inkişaf yoluna nəzər salmış, həmçinin məmur–jurnalist münasibətlərinə toxunmuşdur. Demişdir ki, rəsmi qurumlar öz informasiya portallarını yaratmalı və birmənalı şəkildə mətbuat nümayəndələrinə məlumat verməlidirlər.
Azərbaycanda söz və mətbuat azadlığının mövcudluğunu diqqətə çatdıran Mətbuat Şurasının sədri onu da qeyd etmişdir ki, ölkəmizdə müstəqil mətbuatın inkişafı üçün kifayət qədər hüquqi baza yaradılmışdır. Bunun nəticəsidir ki, Azərbaycanda 600-dək KİV qeydiyyatdan keçmişdir. Bunun 30-dan çoxu gündəlik qəzetlərdir.
Konfransda “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Respublika” qəzeti baş redaktorunun müavini Hümbət Musayev və başqaları çıxış edərək dövlət qurumları və KİV arasında əlaqələrin inkişaf etdirilməsi baxımından konfransın əhəmiyyətini vurğulamışlar.
Tədbirdə təkliflər irəli sürülmüş və rayon sakinlərinin sualları cavablandırılmışdır.
Konfransın sonunda “Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” fərdi jurnalist yazıları müsabiqəsinin nəticəsinə görə qaliblərinin və iştirak edən jurnalistlərin bir qisminin mükafatlandırılması ilə davam etdi.