Volqoqradda Ulu Öndərin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
Volqoqradda Ulu Öndərin anadan olmasının 95-ci ildönümü münasibəti ilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınan Volqoqrad-Bakı Dostluq Parkında Heydər Əliyev Fondunun və Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təntənəli tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Azərbaycan Gənclərinin Rusiya Birliyinin (AMOR ) Volqoqrad şəhər təşkilatının sədri Dunya Əhdova, Volqoqrad vilayəti qubernatorunun müavini, Volqoqrad Administrasiyasının Sənaye və Ticarət Komitəsinin sədri Roman Berkov, Volqoqrad Şəhər Dumasının deputatı, Sosial Siyasət Komissiyasının sədr müavini Yelena Voznesenskaya, Volqoqrad Şəhər Administrasiyası başçısının müavini Dmitriy Lebetenko, general Safonov Vladislav Nikolayeviç, Volqoqrad şəhərində yaşayan xalqların və millətlərin icma rəhbərləri və Volqoqrad şəhər sakinləri iştirak edirdilər
Tədbirin aparıcısı Ulu Öndərin həyatı və siyasi fəaliyyəti barədə geniş məlumat verərək bildirildi ki, müasir tarixin ən görkəmli siyasətçisi olan Heydər Əliyev istər sovetlər dövründə, istərsə də müstəqillik illərində daim xalqı ilə birlikdə olub. O 2012-ci ildə Volqoqrad şəhəri ilə Qaradağ rayonunun dostluğu haqqında memorandum imzalandığı barədə də məlumat verdi.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Gənclərinin Rusiya Birliyinin (AMOR) Volqoqrad şəhər təşkilatının sədri Dunya Əhdova tədbir iştirakçılarını salamlayaraq, Volqoqrad şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının qeyd edilməsinin ənənə halı aldığını bildirərək, Azərbaycan Rusiya dostluğu, Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev və Azərbaycan Respublikasının birinci viste-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu günki fəaliyyətlərini xüsusi vurğuladı.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycanın müstəqilliyinin əldə olunmasında Ulu Öndərin misilsiz fəaliyyəti və Rusiya-Azərbaycan dostluğu haqqında söhbət açaraq qeyd etdi ki, Ulu Öndər xalqlar arasındakı dostluq və sevginin nümunəsidir, Volqoqradla Azərbaycan arasında dostluğun möhkəmlənməsində Ümummilli Liderin mühüm xidmətləri var.
Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini E.Abbasov tədbir iştirakçılarını Ulu Öndərin 95 illik yubileyi və 9 may – Qələbə günü münasibəti ilə təbrik etdi.
Volqoqrad Şəhər Dumasının deputatı, Sosial siyasət komissiyasının sədr müavini Yelena Voznesenskaya Ümummilli Liderin xalqı və dövləti naminə gördüyü işlərdən danışdı. Bildirdi ki, məhz Heydər Əliyevin sayəsində xalqlarımız arasında əbədi dostluq olub. Şəhər rəsmisi Heydər Əliyev Fondunun Volqoqradda həyata keçirdiyi mühüm layihələri qeyd etdi.
Volqoqrad Vilayət Qubernatorunun müavini, Volqoqrad Administrasiyasının Sənaye və Ticarət Komitəsinin sədri Roman Berkov Ulu Öndərin anadan olmasının 95-ci ildönümü və Qələbənin əldə edilməsinin 73-cü ildönümü münasibəti ilə təbriklərini çatdırdı və Azərbaycanlıların qələbənin əldə olunmasındakı xüsusi xidmətlərindən danışdı.
Tədbirdə iştirak edən fəxri qonaq general Vladislav Nikolayeviç Safonov tədbir iştirakçılarını salamlayaraq, dahi şəxsiyyəti şəxsən tanıdığını və onunla dosluq etdiyini fəxrlə xatırladı. Azərbaycana, xüsusilə Bakıya vurğunluğunu bildirən general Safonov Bakını dünyanın ən təhlükəsiz şəhəri adlandırdı. O, Azərbaycan xalqının Böyük Vətən müharibəsində olan iştirakını qeyd edərək, tədbir iştirakçılarını bu iki gözəl tarixi gün münasibəti ilə təbrik etdi.
General Vladislav Nikolayeviç Safonov dahi Heydər Əliyev haqqında olan xatirələrini, onunla görüşlərini və söhbətlərini, ilk dəfə Baykal Amur Magistralı (BAM) inşa edilərkən SSRİ-nin rəhbərliyində olan şəxs kimi Ulu Öndərlə görüşmüşdüyünü, BAM-da Heydər Əliyevlə görüşən hər kəsin ona valeh olduğunu bildirdi. Sonradan 90-cı illərdə Azərbaycana gələrkən Ulu Öndərlə görüşərkən Heydər Əliyevin Azərbaycanın çiçəklənməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirdiyini qeyd etdi. General Vladislav Safonov bu gün Ulu Öndərin arzuladığı yeni Azərbaycanın inkişafında Heydər Əliyevin danılmaz xidmətlərinin olduğunu xüsusilə vurğuladı. Bildirdi ki, dövlətçiliyi qoruyan Heydər Əliyev, iqtisadiyyatın inkişafına nail oldu, Azərbaycanın dünya ölkələri arasında xüsusi yerinin olması üçün titanik əmək sərf etdi.
Çıxış edən digər qonaqlar görkəmli dövlət xadiminin veteranlara göstərdiyi xüsusi diqqətini qeyd etdilər. Bildirdilər ki, Heydər Əliyev harada olubsa olsun, orda qələbə olub, yüksəliş olub.
Sonra iştirakçılar “Qafqaz ritmləri” ansamblının ifasında “Uzundərə” rəqsinə tamaşa etdilər.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin barelyefi önünə gül dəstələri düzdülər, dünya şöhrətli siyasətçinin xatirəsinə ehtiramlarını bildirdilər.
Tədbir iştirakçıları səmaya Ulu Öndərin xatirəsinə həsr olunmuş şarlar uçurdular.
Tədbir maraqlı konsert proqramı ilə davam etdi. Volqoqradın çoxmilli kollektivlərinin bir-birindən maraqlı ifaları, rəqslər, Ümummilli Liderə həsr olunan mahnılar, idmançıların çıxışları böyük maraqla qarşılandı.
Daha sonra tədbir bayram süfrəsi arxasında davam etdi.
Bayram tədbiri möhtəşəm atəşfəşanlıqla başa çatdı.