“Qədim Naxçıvan – tariximizin yaddaşı”
02 may 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Ölkəmizi tanıyaq” tur aksiyasında Qaradağ rayonundan Naxçıvan Muxtar Respublikasına göndərilmiş 27 məktəbli arasında “Qədim Naxçıvan – tariximizin yaddaşı” mövzusunda bilik olimpiadası keçirildi.
Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Firidun Hüseynov, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilova iştirak edirdi.
Tədbirdə giriş sözü ilə çıxış edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov Azərbaycanın ən qədim iqtisadi, siyasi və mədəni mərkəzlərindən biri olan Naxçıvanın öyrənilməsi istiqamətində olimpiadanın keçirilməsinin məqsəd və vəzifələrindən danışaraq böyüməkdə olan nəslin intellektual səviyyəsinin daim artırılması, onların ümumbəşəri və milli dəyərlərə yiyələnməsinin “Dövlət Gənclər Siyasətinin” tərkib hissəsi olduğunu və Qaradağ rayon İcra Hakimiyyətinin belə tədbirləri daim diqqət mərkəzində saxladığını bildirdi.
Qaradağ rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Firidun Hüseynov tarixin bütün sınaqlarına sinə gərərək təkcə Azərbaycana deyil, bütün dünyaya dahi ədiblər, sərkərdələr, ictimai və siyasi xadimlər, elm, incəsənət adamları bəxş etmiş Naxçıvanın gənc nəsil tərəfindən öyrənilməsinin vacib olduğunu və bu məqsədlə artıq ənənəyə çevrilməkdə olan “Ölkəmizi tanıyaq” tur aksiyasının bu istiqamətdə əhəmiyyətini qeyd etdi. Tur aksiyası qrupuna rəhbərlik etmiş F. Hüseynov Naxçıvanla bağlı təəssüratlarından danışaraq səfərin şagirdlərin Muxtar Respublika ilə bağlı maariflənməsində, onlarda vətənpərvərlik hisslərinin aşılanmasında müstəsna əhəmiyyəti olduğunu söylədi.
Münsiflər heyətinin sədri İlqar Qasımov yarışın qayda və şərtlərini izah etdikdən sonra üç mərhələdən ibarət olimpiadaya start verildi.
Yazılan cavabların nəticələrinə əsasən 253 №-li məktəbin XI sinif şagirdi Alməmmədov Əli I yerə, 288 №-li məktəbin XI sinif şagirdi Alışanlı Nərmin II yerə və 106 № li məktəbin X sinif şagirdi Rüstəmova Aynur III yerə layiq görüldü.
Qaliblər müvafiq dərəcəli diplomlar və medallarla mükafatlandırıldılar.