Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Qaradağ rayon təşkilatının qadın üzvlərini bir araya gətirən səbəb

03 may 2018 | 11:00

   Bu gün Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində YAP Qaradağ rayon təşkilatı Qadınlar Şurası Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı tədbir keçirib, tədbirdə YAP Qaradağ rayon təşkilatı Qadınlar Şurasının üzvləri, partiyanın fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
   Açılış nitqi ilə çıxış edən YAP Qaradağ Rayon təşkilatı Qadınlar Şurasının sədri Hicran Xəlilova Ulu Öndər Heydər Əliyevin keçdiyi mənalı və şərəfli ömür yolundan, siyasi fəaliyyətindən söz açaraq bildirib ki, Ümummilli Liderin prioritet hesab etdiyi siyasi fəaliyyət sahəsindən biri də ölkəmizdə yürüdülən gender siyasəti və qadınların ölkə quruculuğunda yaxından iştirak etməsi idi: “Müasir dünyamızda qadınların ictimai fəallığı, cəmiyyətin sosial-iqtisadi həyatında yaxından iştirakı önəm daşıyır. Bu gün müharibələrdən, soyqırımı aktlarından, beynəlxalq terrorizmdən, insan alveri, narkotik, silah qaçaqmalçılığı kimi bəşəri cinayətlərdən əziyyət çəkən dünyanın qadın humanizminə, qadın nəcibliyindən irəli gələn mənəvi-əxlaqi dəyərlərin hakimliyinə, qadın həmrəyliyinə daha böyük ehtiyacı vardır. Hazırda Azərbaycan qadınlarının müstəqil Azərbaycan dövlətinin ictimai-siyasi həyatında getdikcə artan rolu və mövqeyi bizim milli dövlətçilik tariximizin ən böyük uğurlarındandır”.
   YAP Qaradağ rayon təşkilatının sədir müavini Hicrət Qaradağlı çıxışında qeyd edib ki, əldə edilən uğurlar bir tərəfdən Azərbaycanda qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələr, digər tərəfdən isə ölkə rəhbərliyinin həyata keçirdiyi strateji inkişaf xəttində qadın siyasəti ilə bağlı seçilmiş prioritetlər üzərində qərar tutur.
   YAP Qaradağ QŞ-nın sədr müavini Nazakət Məmmədova, şəhid anası Pakizə Abbasova, Qadınlar Şurasının üzvləri Dünyaxanım Zülfüqarova, Xanımgül xanım, Ofelya Manafova, Xatirə Namazova və fəal gənc Turan Babaxanov çıxış edərək bildiriblər ki, ölkəmizin dünyada iqtisadi inkişaf nöqteyi-nəzərindən təqdir olunması, nümunə kimi göstərilməsi müstəqil Azərbaycan dövlətini öz memar əlləri ilə qurub-yaradan, ölkəmizi zamanın sərt sınaqlarından üzüağ çıxaran, müstəqil Azərbaycan dövlətinə azad, firavan, rifah dolu gələcəyə doğru aydın istiqamət verən ümummilli lider Heydər Əliyevin milli dövlətçilik kursunun təntənəsidir. Bu kursu tükənməz inam, Heydər Əliyev ideallarına yüksək sədaqət hissi və böyük dinamizmlə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət sayəsində Azərbaycan gündən-günə güclənir, inkişaf edir.

Keçidlər