Çağırış yaşlı gənclərin yolasalma mərasimi
16 aprel 2018-ci il tarixdə Qaradağ rayonunun çağırış yaşlı gənclərinin hərbi xidmətə yolasalma mərasimi keçirildi.
Tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi polkovnik-leytinant İlqar Əlimirzəyev, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, müharibə veteranları, rayonun idarə, müəssisə, təşkilatlarının nümayəndələri və məktəbli gənclər iştirak edirdi. Hərbi xidmətə yolasalma mərasiminə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.
Tədbirdə çıxış edən Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova hərbi xidmətə yola salınan gəncləri təbrik edərək dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açaraq ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təmin olunmasında Azərbaycan Ordusunun müstəsna rolundan danışdı. Çıxışçı əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini bildirdi.
Daha sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon İdarəsinin rəisi İlqar Əlimirzəyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Qaradağ rayon filialının sədr müavini Əvəz qeyd etdilər ki, bu gün Azərbaycan Silahlı Qüvvələri mənfur düşməni hər an məhv edə bilən güclü maddi-texniki bazaya malikdir. Regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Sonda çağırışçılar Azərbaycan bayrağını öpüb musiqi sədaları altında ruh yüksəkliyi ilə ordu sıralarına yola düşdülər.