Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə əlaqədar “Qələbəyə doğru” intellektual oyununun bağlanış mərasimində Qaradağlı məktəblilər də iştirak etmişlər

20 aprel 2018 | 11:00

20 aprel 2018-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə əlaqədar “Qələbəyə doğru” intellektual oyununun bağlanış mərasimi keçirilmişdir. Tədbirdə rayonumuzu Lökbatan qəsəbəsindəki C.Niftəliyev adına 233 nömrəli tam orta məktəbin şagirdləri Çingiz  Zaur  oğlu Rüstəmov, Elçin Elman oğlu Aydəmirov, Qüdrət Sədi oğlu Namazov, Cəmilə Əlyar qızı Fətullazadə və Əfsanə Teymur qızı Hüseynova təmsil etmişlər.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş tədbirlər keçirir. Bu il də Zərifə xanım Əliyevanın 95-ci ildönümünə həsr olunmuş Bakıətrafı kənd və qəsəbələrdə “Qələbəyə doğru” intellektual yarışın keçirilməsinə start verilmişdir. Bu məqsədlə kənd və qəsəbələri təmsil edən komandaların iştirakı ilə seçim turları keçirilmiş, seçim turlarında qalib olan komandalar final yarışında iştirak hüququ qazanmışlar.
“Qələbəyə doğru” intellektual oyununun final yarışında iştirak etmək hüququnu qazanan qalib komandaların iştirakı ilə keçirilən Final oyununda hər bir komandada dünyagörüşü və intellektual səviyyəsi yüksək olan beş məktəbli iştirak edirdi. Qaradağ rayonunun qəsəbələri arasında keçirilən yarışmada qalib olmuş  “Lökbatan” komandası  da “Qələbəyə doğru” intellektual yarışmasının final mərhələsində iştirak etmişdir.
Çox maraqlı, gərgin və həyəcanla keçən intelektual yarışmadan sonra akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan mərasim keçirilmişdir.
Mərasim Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunan “Nur dolu ömür” adlı filmin nümayişi ilə başladı. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbirin Binəqədidə keçirilməsinin təsadüfi olmadığını vurğuladı. Zərifə Əliyevanın adını daşıyan parkın Binəqədi rayonu ərazisində yerləşdiyini xatırladan X.İsgəndərov qeyd etdi ki, belə bir oyunun finalının Binəqədi rayonunda keçirilməsi alimin xatirəsinə böyük hörmətin əlamətidir və rayon ictimaiyyəti üçün böyük şərəfdir.
Azərbaycanın dünyada ailə, uşaq və gənclər siyasətinə xüsusi önəm verən az sayda ölkələrdən biri olduğunu deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirdi ki, uşaq və gənclər dövlətin qayğısından faydalanaraq bilik və bacarıqlarını artırmaq üçün çalışmalı, vətənpərvər olmalıdırlar. “Qələbəyə doğru” intellektual oyunların keçirilməsi də uşaqların Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli ziyalıları barədə məlumatlarının artırılması baxımından çox dəyərlidir. Hər bir uşaq ailənin davamçısı olduğu kimi, həm də xalqın gələcəyidir. Ölkəmizin gələcəyi uşaqlardan, onların intellektual səviyyəsindən asılıdır. Ona görə də, belə intellektual oyunların keçirilməsinin mühüm əhəmiyyəti vardır. Akademik Zərifə Əliyevanın da gənc intellektuallara böyük diqqət və qayğı göstərdiyini, öz ətrafına daim gəncləri topladığını, onlara yol göstərdiyini vurğulayan komitə sədri qeyd etdi ki, görkəmli oftalmoloq alimin arzularından biri Azərbaycanın uşaq və gənclərini intellektual səviyyəli, bacarıqlı, savadlı görmək olub. Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Qələbəyə doğru” intellektual yarışının da məqsədi gənclərin Azərbaycanın tarixi, mədəniyyəti, ziyalıları haqqındakı biliklərini artırmaq, onların düşüncələrinin, sərbəst fikir yürüdə bilmək bacarıqlarının inkişafına yardım etməkdir.
    Azərbaycanı dünyada tanıdan azsaylı şəxslərdən biri olduğunu deyən Milli Məclisin səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında akademik Zərifə Əliyevanın oftalmologiya sahəsinin ən aktual problemləri ilə məşğul olduğunu qeyd edərək bildirdi ki, Zərifə Əliyevanın daha böyük uğuru həyatının üç böyük şəxslə - Əziz Əliyev, Heydər Əliyev və İlham Əliyevlə bağlı olmasıdır.
    Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva akademik Zərifə Əliyevanın tibb sahəsində böyük alim olmaqla yanaşı, həm də tarixi araşdırmalarla məşğul olduğunu qeyd edərək bildirdi ki, Azərbaycanın belə qadınlarının olması tariximizin xalqımıza göstərdiyi böyük lütfüdür. Bunu biz hamımız, xüsusilə gələcəyimiz olan uşaqlar dəyərləndirməlidirlər.
    Milli Məclisin deputatı Məlahət İbrahimqızı gözəl alim olmaqla yanaşı, həm də gözəl həyat yoldaşı olan Zərifə Əliyevanın Ümummilli Lider Heydər Əliyevin gərgin siyasi fəaliyyətində ona hər zaman mənəvi dayaq olduğunu, Vətənimizin fəxri sayılan bu cür insanların parlaq sima kimi daim yaddaşlarda yaşayacağını söylədi.
     Daha sonra “Qələbəyə doğru” intellektual oyununun qalibləri mükafatlandırıldı.
     Final yarışında birinci, ikinci və üçüncü yerlərin qalibləri olan komandalar diplom və hədiyyələrlə mükafatlandırıldılar.
     Birinci yerin qalibi olmuş komandaya “Qələbəyə doğru” kuboku təqdim olundu.
     Sonda komandalar xatirə şəkli çəkdirmişlər.

 

Keçidlər