Şriftin ölçüsü :

Saytın rəngi :

“Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda tədbir keçirilmişdir

19 aprel 2018 | 11:00

19 aprel 2018-ci il tarixində Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda tədbir keçirilmişdir.
       Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, hüquq şöbəsinin müdiri Taliyə İbrahimova,  Qaradağ Rayon Polis İdarəsinin əməkdaşı Elməddin Əhmədov, Qaradağ Rayon Prokurorunun köməkçisi Əfqan Qafarov, Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinin rəis müavini Elşən Fətullayev, rayon İcra hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Məişət zorakılığı” komissiyasının monitorinq qrupunun üzvləri, rayonun ümumtəhsil və səhiyyə müəssisələrinin nümayəndələri iştirak edirdilər.
        Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova tədbiri açaraq,  22 iyun 2010-cu il tarixli “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları, həmçinin “Məişət zorakılığının qarşısının alınması haqqında” Qaradağ Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən  komissiyanın monitorinq qrupunun fəaliyyətindən ətraflı söhbət açdı və komissiya  tərəfindən görülən işlər, bu sahədə həyata keçirilən tədbirlər, ərizə və şikayətlərə baxılması barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, qadınlara və uşaqlara qarşı zorakılıq, habelə məişət zorakılığı qəbuledilməz və dözülməz haldır. Hələ də dünyanın hər yerində milyonlarla qadın fiziki və psixoloji zorakılıqdan əziyyət çəkir və bütün digər hüquqlarından daha vacib olan zorakılıq qorxusundan,  azad yaşamaq hüququndan məhrum edilməyə davam edir. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, maliyyə və sosial nəticələr doğurur.
        Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva  ölkəmizdə məişət zorakılığı ilə bağlı imzalanmış Fərman və sərəncamlar, qəbul edilmiş qanun və qərarlarla yanaşı, ictimai diskussiyalar və sosial maarifləndirmələrin sözügedən problemin tənzimlənməsinə böyük təsir göstərdiyini qeyd etdi. Bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra Azərbaycanda da bu problemə qarşı ciddi mübarizə başlanıb. 1995-ci ilin iyununda Azərbaycan Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə bütün ayrı-seçkilik formalarının ləğv olunması haqqında” Konvensiyasına qoşulub. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təsis edilməsi bu problemin aradan qaldırılması istiqamətində aparılan işlərin zirvəsi olub. Bu, ölkəmizdə qadınların daha fəal olmalarına, onların cəmiyyətin bütün sahələrində mühüm yer tutmalarına yüksək dövlət qayğısının göstəricisi idi.
      Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin müdiri Taliyə İbrahimova çıxış edərək bildirdi ki, Azərbaycanda dövlət səviyyəsində məişət zorakılığına qarşı mübarizədə ardıcıl və səmərəli tədbirlər həyata keçirilir. 2010-cu ildə Prezident İlham Əliyev tərəfindən “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunun imzalanması da bu sahədə dövlət səviyyəsində atılan mühüm addımlardandır. Natiq əlavə olaraq vurğuladı ki, narkomanlığa və digər zərərli vərdişlərə düçar olmuş şəxslərin ailələrində məişət zorakılığına daha çox rast gəlinir. Sağlam həyat tərzinin “düşmənləri” sayılan bu cür neqativ hallar münaqişəli ailələrin əsasını təşkil edir və nəticədə, cəmiyyətimiz üçün başağrısına çevrilir. Odur ki, hər birimiz, bütövlükdə cəmiyyətimiz üçün yeniyetmə-gənclərimizi zərərli vərdişlərə aludə oımaqdan var  gücümüz və fəaliyyətimizlə çəkindirməli, onları sağlam ruhda tərbiyə etməliyik.
       Mövzu ilə bağlı Qaradağ Rayon Polis İdarəsinin, Qaradağ Rayon Prokurorluğun  əməkdaşları və digər iştirakçılar çıxış edərək, cəmiyyətdəki məişət zorakılığı problemi ilə bağlı münasibətlərini bildirdilər. Qeyd olundu ki, məişət zorakılığı müasir cəmiyyət üçün böyük ictimai bəladır, bununla mübarizənin faydalılığı məişət zorakılığı qurbanlarının hüquqi və sosial sahələrdə mühafizə vasitələrinin mövcudluğundan asılıdır. Qadınları bütün növ zorakılıqlardan qorumaq və qadınlara qarşı zorakılığın qarşısını almaq, cinayət törədənləri məsuliyyətə cəlb etmək, qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvinə dəstək olmaq, qadınlar və kişilər arasında bərabərlik prinsipini inkişaf etdirmək hər birimizin vəzifəsinə çevrilməlidir.
     Tədbir işgüzar şəraitdə keçdi.
     Sonda tədbir iştirakçılarına məişət zorakılığına aid maarifləndirici bukletlər paylanıldı, mövzuya aid suallar ətraflı cavablandırıldı.

 

Keçidlər