“5 mart-Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş rayon idmançıları ilə görüş
02 mart 2018-ci il tarixdə “5 mart-Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş rayon idmançıları ilə görüş keçirildi. Görüşdən qabaq rayon rəhbərliyi, qonaqların və fəal idmançıların iştirakı ilə Heydər Mərkəzinin foyesində təşkil edilmiş rayon idmançılarının nailiyyətlərini əks etdirən sərgiyə baxış keçirildi.
Daha sonra toplantı Heydər Əliyev Mərkəzinin dəyirmi masa zalında davam etdirildi. Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və idman İdarəsinin rəisi Elçin Abbasov görüş iştirakçılarını “5 mart-Bədən tərbiyəsi və idman günü” münasibətilə təbrik etdi və qısa məlumat verərək bildirdi ki, “5 mart-Bədən tərbiyəsi və idman günü” ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun idarə tərəfindən 11 saylı UGİM-də stolüstü tennis, şahmat və dama üzrə üzrə rayon birinciliyi, Qaradağ Tlim-İdman Bazasında şotakan karate-do üzrə açıq rayon birinciliyi keçirilir.
Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Ümummilli Lider Heydər Əliyevin hələ sovetlər dövründə idmana və bədən tərbiyəsinə göstərdiyi diqqət və qayğıdan söhbət açaraq bu uğurlu yolun Azərbaycan Respublikasının Prezidenti, milli idmanımızın hamisi cənab İlham Əliyev tərəfindən böyük inamla davam etdirilməsindən danışdı.
Tədbirdə iştirak edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyev idmançılara verilən dəstəyə görə rayon rəhbərliyinə təşəkkür edərək gənclərin bir şəxsiyyət kimi böyüməsində Dövlət Gənclər siyasətinin rolundan, peşəkar idmançılar vasitəsilə Azərbaycanın imicinin beynəlxalq aləmdə formalaşdırılmasının əhəmiyyətindən danışdı. Çıxışlarda həmçinin uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün rayonda yaradılmış gözəl şəraitdən danışıldı. Tədbirin sonunda Avropa, dünya çempionatlarında, beynəlxalq turnirlərdə yüksək nəticələr göstərmiş idmançılar və idmana verdikləri dəstəyə görə rayonda fəaliyyət göstərən təşkilatlar rayon rəhbərliyi tərəfindən fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırıldılar