Qaradağ Rayon İcra Hakimiyyətinin 2017-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirildi
Qaradağ Rayon İcra Hakimiyyətinin 2017-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 10 yanvar 2018-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi.
Yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Tağı Tağıyev, Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Tağı Tağıyev, Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
Yığıncaq iştirakçıları ilk öncə 2017-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan filmi seyr etdilər.
Hesabat məruzəsi ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 10 yanvar 2018-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin əldə etdiyini yüksək nailiyyətləri vurğuladı.
Qeyd etdi ki, Ümummilli Liderin uzaqgörən siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün dünyanın müxtəlif yerlərində müşahidə olunan xoşagəlməz proseslər, siyasi və iqtisadi böhranlar insanların etirazları ilə qarşılanır. Lakin ölkəmizin sağlam təməllər üzərində qurulan iqtisadi inkişafı təhlükəsiz şəraitdə yaşamağımızın qarantıdır. Qeyd olunmuşdur ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır, sabitlik təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır.
Məruzə nitqi ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov daha sonra bildirmişdir ki, qazanılan hər bir uğura dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunmuşdur. Məhz ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər Qaradağ rayonunda bir çox mühüm obyektlərin inşası uğurla başa çatdırılmışdır.
Bunun bariz nümunəsi kimi ötən il ərzində ölkə başçısı cənab İlham Əliyevin Qaradağ rayonuna 3 dəfə səfər etdiyini göstərmək olar.
Bu səfərlər çərçivəsində Prezident cənab İlham Əliyev may ayının 18-də Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində, sentyabr ayının 6-da Gəmiqayırma zavodunda “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində və oktyabr ayının 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimində iştirak etmişdir.
Prezidenti cənab İlham Əliyevin Qaradağ rayonuna səfərləri hesabat dövrünün ən mühüm və yadda qalan hadisələrindən olmuşdur.
Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir.
Bu istiqamətdə atılan mühüm addımlardan biri də martın 9-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirənin keçirilməsidir.
Həyata keçirilmiş tədbirlərin davamı olaraq cari ilin may ayının 30-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində qaçqın və məcburi köçkün ailələr üçün 1026 mənzilli yeni yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilmiş və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva mərasimdə iştirak etmişdir.
2017-ci ilin yekunları haqqında geniş məruzə nitqi ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov rayonun sosial iqtisadi inkişafını geniş təhlil edərək, statistik rəqəmləri iclas iştirakçılarının diqqətinə çatdırdı.
Məruzə ətrafında “Əhalinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrə dair” Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinin müdiri Cavid Abdullayev, Cəmiyyət tərəfindən görülmüş işlər və qarşıda duran perespektivlərə dair “Norm” MMC-nin məsul əməkdaşı Emin Şıxəliyev, 2017-ci ildə təhsil müəssisələrində görülmüş işlər və qarşıda duran vəzifələrə dair” 106 saylı tam orta məktəbin direktoru Təranə Qasımova, hesabat dövründə rayonda əhalinin tibbi müayinədən keçirilməsi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrə dair 32 saylı şəhər poliklinikasının baş həkimi Əlisəfa Hüseynov çıxış edərək rayon İcra hakimiyyətinin 2017-ci ildəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini bildirdilər.
İclasda iştirak edən Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ölkədə gedən iqtisadi islahatlardan, ölkə başçısı cənab Prezidentin son zamanlar devalvasiya ilə əlaqədar imzaladığı ardıcıl sərəncamları və verdiyi fərmanları geniş təhlil etdi.
Hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Tağı Tağıyev respublikamızın 2017-ci ildə əldə etdiyi sosial-iqtisadi inkişafdan danışmış, ölkə üzrə statistik məlumatları iclas iştirakçılarının nəzərinə çatdırmışdır.
Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilmiş və yekdilliklə qəbul edilmişdir.
Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.
Hesabat yığıncağını yekun sözü ilə bitirən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov möhtərəm Prezidentimizə dərin minnətdarlığını bildirmişdir.
Rayon ictimaiyyətinə ölkə başçısı cənab İlham Əliyevin verdiyi tapşırıqların, Nazirlər Kabinetinin məlum iclasındakı nitqindən irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi və Qaradağ rayonunun davamlı sosial-iqtisadi inkişafını təmin edilməsi üçün tapşırıqlarını verdi.