08 aprel 2024-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən iftar süfrəsi verilmişdir
İftar süfrəsində şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, millət vəkilləri, YAP Qaradağ rayon təşkilatının sədri, rayonun idarə və müəssisə rəhbərləri, dindarlar və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edildi.
Mərasimdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov iftar süfrəsində iştirak edənləri salamlayaraq qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik etdi. Azərbaycanda açılan iftar süfrələrinin tolerantlıq nümunəsi olduğunu vurğuladı. Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların yaxınlarına bir daha başsağlığı verib, səbr dilədi. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı Zəfər tarixi olduğunu bildirdi. Bu tarixin Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edildiyini vurğuladı.
İftar mərasimində Lökbatan qəsəbə məscidinin imamı Hacı Faiq Əhmədov Qurani-Kərimdən ayələr və Ramazan duası oxudu. İmam müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın fəzilətindən danışdı.
İftar süfrəsi zamanı şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Müqəddəs Ramazan ayı boyunca rayonun digər qəsəbələrində də iftar süfrələri açılmışdır.